Yəmənin bir neçə şəhərində prezident Əli Abdulla Salehinin istefası tələbi ilə kütləvi aksiyalar keçirilib. Lent.az-ın "mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gecə saat 02:00 radələrində Xudiyda şəhərində Prezident Sarayına doğru başlayan yürüş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 409 nəfər yaralanıb.
Aksiya iştirakçıları bazar günü polisin açdığı atəş zamanı 2 nəfərin öldürülməsinə etiraz ediblər. Qeyd edək ki, bazar günü Taiz şəhərində prezident Əli Abdulla Salehinin istefası tələbi ilə keçirilən aksiya zamanı 1200 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb. Yəmən polisi aksiyaçılara odlu silahdan atəş açıb.
Bu arada "Nyu-York Times” qəzeti ABŞ-ın Yəmən prezidentinə dəstəyi dayandırmaq qərarına gəldiyi barədə məlumat yayıb. Barak Obama administrasiyası belə qənaətə gəlib ki, Əli Abdulla Salehi müxalifətin və aksiyaçıların tələb etdiyi islahatları həyata keçirməyə qadir deyil. ABŞ indiyə qədər Əli Abdulla Salehini Yəməndə əl-Qaidə terror təşkilatına qarşı mübarizəyə görə dəstəkləyib. Ancaq belə görünür ki, Vaşinqton artıq Əli Abdulla Salehinin əvəzlənməsini zəruri sayır.