Bu gün Bakıda partlayış baş vermiş gəminin Qazaxıstan şirkətinə məxsus olmadığı aydınlaşıb.Partlayış baş verən gəmi "PTS 225 Mərdəkan” gəmisidir. Gəminin Azərbaycanın DSP şirkətinə məxsus olduğu bildirilir.
Partlayış zamanı gəmidə həlak olan şəxslərin adları da açıqlanıb:
Kapitan - 1964-cü il təvəllüdlü Xalatuyev Hacı Həsən oğlu
Mexanik - Sahib Beydullayev
Motorçu - 1965-ci il təvəllüdlü Maarif Ağayev
Qaynaqçı - 1960-cı il təvəllüdlü Hacıyev Mehman Cəmil oğlu
Qeyd edək ki, hadisə bu gün Xəzər dənizinin Azərbaycan sahillərində Xətai rayonu, Zığ şosesi, 57-ci quru yük limanı adlanan ərazidə, "Nargilə” kafesinin arxa hissəsində baş verib. Hadisə yerinə Bakı şəhər Prokuroru Əziz Seyidov, Su nəqliyyatında Baş Polis İdarəsinin rəisi polkovnik Naib Əkbərov, Xətai RPİ-nin rəisi, həmçinin rayon prokuroru və digər rəhbər şəxslər yollanıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.