"Azərbaycanın
coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir. Lakin
son illər qlobal iqlim dəyişmələri ilə əlaqədar olaraq digər ölkələrdə
olduğu kimi, Azərbaycanda da isti günlərin sayı artmaqdadır”. Bunu
açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, son illər anomal isti günlərin sayı artıb: "İsti
dalğaların davamiyyəti daha uzunmüddətli olub. Məsələn, ötən illərdə bir
ay ərzində 40 dərəcəlik hərarət 2-4 gün olurdusa, indi isə anomal isti
günlərin davamiyyəti 4-5 gün çəkir”.
U. Tağıyeva deyib ki, son günlər ərzində Azərbaycanda maksimal
temperatur çoxillik norma ilə müqayisədə 5,3 dərəcə yüksəkdir. O, artıq
uzun müddətdir, Azərbaycana cənubdan qızmar hava kütlələrinin daxil
olması nəticəsində temperaturun gündən-günə yüksəldiyini deyib: "Eyni
zamanda yer səthi üzərində hava şəraitini nisbətən alçaq təzyiq sahəsi
təyin edir ki, bu da havada, xüsusən də axşam saatlarında durğunluğa
səbəb olur. Havada oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı,
nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək
olur. Həmin bu amillərin vəhdəti insanlarda, xüsusən də meteohəssas
insanlarda narahatlıq hissi yaradır”.
U. Tağıyevanın sözlərində görə, ETSN tərəfindən ölkə ərazisində anomal
istilərin olacağı haqqında əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar
edilir: "Bu gün aidiyyəti orqanlara növbəti xəbərdarlıqlar edilib.
Xəbərdarlıqda göstərilir ki, avqustun 3-dək Azərbaycanda temperatur daha
da yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 38-40,
yarımadanın bəzi ərazilərində və Bakı şəhərinin bəzi yerlərində hətta
42 dərəcəyə çatacaq. Aran rayonlarında və Naxçıvan Muxtar
Respublikasında 38-42 isti olacaq, temperaturun bəzi yerlərdə 44
dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi
gözlənilir. Yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik
gözlənilmir”.
U. Tağıyeva bu göstəricinin Azərbaycan ərazisi üçün rekord olmadığını da
deyib. Yüzillik metroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək
temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində
Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə olub.