Gürcüstan paytaxtında keçirilən üçtərəfli biznes-forumda çıxış edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Cağlayan Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini arzuladıqlarını bildirib.Nazir deyib ki, bu gün Türkiyə və Gürcüstan iş adamları yalnız kimlik (şəxsiyyət vəsiqəsi) göstərərək sərhədi keçirlər: "Ümid edirik ki, Türkiyədən Azərbaycana gedişlərimiz də beləcə asanlaşacaq”.
Türkiyə Palatalar və Birjalar Birliyinin (Türkiye Odalar ve Borsalar Birliyi – TOBB) prezidenti Rıfat Hisarcıklıoğlu da forumdakı çıxışında bu mövzuda fikirlərini açıqlayıb: "Biz ortaq ticarət həyata keçirmək üçün gediş-gəliş məsələlərini asanlaşdırmalıyıq. Bu gün Türkiyə və Gürcüstan vətəndaşları kimliklə gedib-gəlirlər. Bu, çox gözəl bir hadisədir. Bizdən pasport tələb edən yoxdur. Bu işi biz azəri qardaşlarımızdan da gözləyirik. Qardaş-qardaşın evinə viza ilə gedərmi? Bizə rahatlıqla gedib-gəlmək lazımdır. Zəngin olmağın yolu budur. Dünyaya baxın. Xalqların zənginliyi ticarətdən keçir. Bu məsələni Azərbaycan, Gürcüstan və Türkiyə olaraq həll etməliyik”.