Respublikada
qeydə alınan yol qəzalarının təxminən yarısını piyadaların vurulması
təşkil edir. Rəsmi statistikaya görə, bu ilin birinci rübündə qeydə
alınan 697 yol qəzasından 306-sı (43,9 faiz) piyadaların vurulması
olub. Nəticədə 95 piyada həlak olub, 226-sı yaralanıb. Yol qəzalarından
8-i piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş
verib.
Bakı şəhərində isə yol qəzalarının 58,2 faizini piyadaların vurulması təşkil edib.
Piyadaların vurulması ilə
nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət
iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın
möhkəmləndirilməsi məqsədilə daxili işlər nazirinin müvafiq əmrinə
uyğun olaraq, mayın 1-dən 7-dək respublika ərazisində piyadalarla bağlı
təhlükəsizlik həftəliyi elan edilib.
Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb.
Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki,
həftəlik ərzində Bakıda piyadaların vurulması ilə nəticələnən 12
yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 1 piyada ölüb, 13 nəfəri isə yaralanıb. Tədbir ərzində yol
hərəkəti qaydalarını pozduğuna görə 240 piyada inzibati məsuliyyətə
cəlb edilib.
Ölüm faktı mayın 7-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb.
Təhlükəsizlik həftəliyi ərzində
xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat
hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər
görülüb, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını
almaq məqsədilə reydlər keçirilib, təhsil müəssisələrində və əmək
kollektivlərində maarifləndirici görüşlər təşkil edilib.