İtaliyada Etna vulkanı
püskürüb. Vulkan 400 metr yüksəkliyə külli miqdarda lava və kül
püskürməyə başlayıb. Vulkan üzərində qara tüstü qatı əmələ gəlib. Tüstü
vulkan yaxınlığındakı Kataniya şəhərinə və digər yaşayış məntəqələrinə
çatıb.
Etna vulkanı aviasiya üçün təhlükə törədir. Vulkanın oyanması Siciliya
adasında yerləşən Kataniya şəhərindəki hava limanının bağlanmasına səbəb
olub. Hava limanının kül örtüyündən təmizlənməsi üçün xüsusi maşınlar
cəlb olunub.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri
Etna vulkanında yeni kraterin əmələ gəldiyini bildirirlər. Onların
fikrincə, son zamanlar vulkanın fəallaşması onun daha aktiv fazaya qədəm
qoyduğunu göstərir.
Qeyd edək ki, Etna vulkanı bu ilin əvvələrindən artıq 3-cü dəfədir ki,
püskürür. Etna, demək olar ki, hər il püskürür, lakin iri püskürmələr
təxminən 150 ildə bir dəfə baş verir.