Məlum
olub ki, evlərdə istifadə olunan su filtrləri təhlükə mənbəyidir. Bu
filtrlər mikroblarla yanaşı suda olan və insan bədəni üçün labüd olan
mineraları yox edir. Mütəxəssislər içməli su üçün belə filtrlərdən
istifadə etməyi məsləhət görmür.
Türkiyə "9 Eylül” universiteti, Tibb fakultəsinin akademiki Əhməd
Soysal suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium,
potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi minerallar
olduğunu, bir çox su filtrinin bu mineralları da yox etdiyini deyib.
"Yəni insanlar qaş düzəltdikləri yerdə göz çıxarırlar. Belə suyun
insana heç bir xeyri yoxdur”.
Bu filtrlərin müəyyən periodlarla açılıb təmizlənməli və içindəki
kimyəvi elementlərin yenilənməli olduğunu deyən Soysal çox vaxt buna
diqqət edilmədiyini bildirib: "Bu cihazlar bəzən lazımi qaydada, çox
vaxt da heç təmizlənmir. Suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan
cihaz bioloji çirklənməyə və mikroorqanizmaların çoxalmasına səbəb
olur. Bu vəziyyət xüsusilə infeksion xəstəliklərə səbəb olur. Təbii
olaraq su mikrobioloji baxımdan təhlükəli hala düşür”.
Sosysal belə su filtrlərinin sadəcə ticarət məhsulu olduğunu, satan
şəxsləri varlandırmaqdan başqa bir xeyri olmadığını deyib: "Nizamnaməyə
görə, vətəndaşı suyla təmin edən qurumlar suyu "Ümumdünya Səhiyyə
Təşkilatı”nın (ÜST) müəyyənləşdirdiyi standartlara görə təmizləyir.
Həmin qurum suyu sadəcə bu şərtlər altında abonentlərə çatdırmalıdır.
Bu səbəblə də əlavə bir su filtrinə ehtiyac yoxdur. İctimai sağlamlıq
mütəxəssisi kimi belə filtrlərin satılmasını məqsədəuyğun görmürük.
Nəticədə daha təmiz və ləzzətli su içmək istəyərkən bu cihazlar
səbəbilə öz sağlamlığınızı təhlükə qarşısında qoyursunuz”.
ÜST dünyadakı xəstəlik mənbələrinin 80 faizinin məhz sular olduğunu,
suda olan bəzi təbii mineralların çıxarılmasının səhhət üzərində mənfi
təsirə malik ola biləcəyini bildirir. Bu çərçivədə keçirilən
araşdırmaların hesabatında bildirilir: "Minerallardan təmizlənmiş suyun
insan və heyvan orqanizminə mənfi təsiri var. Bu, bağırsaq selikli qişa
pərdəsi, maddələr mübadiləsi, bədənin mineral tarazlığı və bədənin
başqa funksiyalarında meydana gələ biləcək problemlərə birbaşa təsir
edir. Həmçinin bədənə sıfır kalsium və maqnezium qəbul edilməsinə, yeni
bakteriyaların meydana gəlməsinə səbəb olur. Bədənin mineral və su
maddələr mübadiləsini təhlükəyə ataraq daxili tarazlıq mexanizmləri
üzərində mənfi təsir yaradır”.
Bu filtrləri satan satıcı müştərilərini çox sadə bir yolla aldada
bilər. Elektroliz adlı cihaz suya qoyulur. Cihaz suyun daxilində olan
zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra
suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr
çıxır. Yenə də başqa bir cihazla suyun içindəki ümumi parçalamnış
zərrələrin nisbətini göstərərək suyun nə qədər zərərli və ya zərərsiz
olduğunu göstərirlər. Gördükləri qarşısında heyrətə düşən istehlakçı
asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə
ortaya çıxan palçıqvari maddə suyun daxilində olan maddələrin yanması
nəticəsində əmələ gəlir. Burda isə anormal heç bir şey yoxdur.