Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə
çərşənbə axşamı Trend-ə bildirib ki, Rusiya ali təhsil müəssisələrinə
keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali
təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün
doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da
təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat mayın 11-dən 18-dək aparılacaq.
İmtahanda iştirak etmək hüququna
orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə
orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər.
Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla
qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar
müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak
etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiyanın
müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.
Müsabiqə iki mərhələdən ibarətdir.
I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında
iştirak edəcəklər. Test imtahanı mayın 21-də keçiriləcək.
Test imtahanı nəticəsində I ixtisas
qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal
toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.
Müsahibə mayın 23-də keçiriləcək.